#Parlamentlərarası İttifaq

Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın videokonfransında silahlı münaqişələr zamanı ətraf mühitin qorunmasının vacibliyindən danışıb. O bildirib ki, münaqişələr yalnız insanlara deyil, təbiətə də uzunmüddətli zərər vurur. Sahibə Qafarova beynəlxalq humanitar hüququn bu sahədə mühüm rol oynadığını və parlamentlərin qanunvericilik vasitəsilə prosesə töhfə verdiyini qeyd edib. Çıxışda Azərbaycanın işğal dövründə üzləşdiyi ekoloji fəsadlara xüsusi diqqət ayrılıb. Spiker minaların insan və təbiət üçün yaratdığı təhlükəni vurğulayıb. O, Azərbaycanın azad edilmiş ərazilərdə ekoloji bərpa və minatəmizləmə layihələri həyata keçirdiyini bildirib. Sahibə Qafarova ətraf mühitin qorunmasının dayanıqlı sülhün əsas şərtlərindən biri olduğunu qeyd edib.

Parlamentlərarası İttifaqın (IPU) Baş katibi Martin Çunqonqun xahişi və Azərbaycan Milli Məclisinin (parlament) sədri Sahibə Qafarovanın razılığı ilə IPU-nun Azərbaycandan olan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova avqustun 4-də Türkmənistanın Avaza şəhərində keçirilən, dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə BMT-nin Üçüncü Konfransı (LLDC3) çərçivəsində təşkil olunan Parlament Forumunda IPU adından məruzə ilə çıxış edib.