Suriyanın ilkin baxışı atəşkəs razılaşmasının icrasını təsdiqləmək və ya ona bənzər yeni bir razılaşma əldə etmək, sonra isə siyasi proses başlatmaq idi. Bu proses nəticə etibarilə sülh sazişinə və bəlkə də “İbrahim razılaşmalarına” qoşulmağa gətirib çıxara bilərdi. Amma nəzərə almaq lazımdır ki, Suriya bu razılaşmalara qoşulan digər ərəblərdən fərqlidir: Suriyanın işğal altında olan torpağı – Colan var, İsraillə təmas xətləri var, İsrail ordusu isə Suriyanın dərinliklərinə soxulub. Buna görə də Dəməşq açıq şəkildə bildirdi ki, prioritet – atəşkəs razılaşması və ya ona bənzər bir sazişdir.