#ABŞ-ın Qrenlandiya planları

ABŞ-ın Qrenlandiyanı nəzarətə götürmək niyyəti ilə bağlı Vaşinqtonda keçirilən danışıqlar uğursuzluqla nəticələndikdən sonra Avropa ölkələri adaya hərbi personal göndərməyə başlayıb. Fransa, İsveç, Almaniya və Norveç Qrenlandiyanın paytaxtı Nuuk şəhərinə kəşfiyyat missiyası çərçivəsində hərbçilər yerləşdirəcəklərini elan ediblər. Qrenlandiya Baş nazirinin müavini Mute Egede bildirib ki, bölgədə NATO hərbçilərinin, hərbi uçuşların və gəmilərin sayının artması gözlənilir. Fransa Prezidenti Emmanuel Makron ilk hərbi heyətin artıq yola düşdüyünü təsdiqləyib. Almaniya isə Danimarkanın dəvəti ilə 13 nəfərlik kəşfiyyat qrupunu bölgəyə göndərib.

Böyük Britaniya həm Çin və Rusiyanın bölgədə artan təsirinə qarşı durmaq, həm də adanı ələ keçirmək istəyən ABŞ-ı bu fikrindən daşındırmaq məqsədilə Qrenlandiyaya hərbi qüvvə göndərməyə hazırlaşır. Rəsmi London bu planı artıq avropalı müttəfiqləri ilə müzakirə etməyə başlayıb. Çin və Rusiyanın Arktika bölgəsindəki varlığını ciddi təhdid hesab edən Britaniya rəhbərliyi adanın müdafiəsini təmin etmək üçün Fransa və Almaniya ilə danışıqlar aparır.

Danimarkanın Müdafiə Nazirliyi Qrenlandiyanın müdafiəsinə dair 1952-ci il tarixli kral direktivəsinin hələ də qüvvədə olduğunu təsdiqləyib. Bu direktivə adaya mümkün hərbi müdaxilə halında, yerli hərbi kontingentin yuxarı instansiyalardan əlavə göstəriş almadan atəş açmaq səlahiyyətini nəzərdə tutur. Qeyd olunub ki, sözügedən kral fərmanı Qrenlandiyanın müdafiəsi üçün fövqəladə səlahiyyətlər müəyyən edir və bu mexanizm bu gün də hüquqi qüvvəsini saxlayır.

ABŞ Dövlət Katibi Marko Rubio, Prezident Donald Tramp administrasiyasının Qrenlandiyanı “işğal etməyi deyil, satın almayı hədəflədiyini” bildirib. Rubio Konqres üzvlərinə Venesuelaya müdaxilə mövzusunda etdiyi brifinqdə, Trampın Qrenlandiya planlarına dair açıqlamalarından bəhs edib. Konqres üzvlərinin, Trampın Siyasət və Daxili Təhlükəsizlik üzrə müşavir Yardımçısı Stiven Miller kimi yüksək səviyyəli rəsmilərin “agressiv açıqlamaları” səbəbindən Grönlandla bağlı verdikləri suallara Rubio, Trampın Qrenlandiyanı “satın almaq istədiyini” bildirib.

ABŞ rəsmiləri Qrenlandiya ilə bağlı yayılan məlumatlardan sonra Danimarkanın daxili işlərinə qarışmaq ittihamlarını rədd ediblər. Ağ Evin anonim rəsmisi CBS News-a açıqlamasında “Biz hesab edirik ki, danimarkalılar sakit olmalıdırlar” - deyə bildirib. ABŞ Dövlət Departamentinin sözçüsü isə amerikalı vətəndaşların Qrenlandiyadakı fəaliyyətlərinə dair şərh verməyəcəklərini, onların hərəkətlərinə nəzarət etmədiklərini qeyd edib. O, ABŞ-ın NATO-dakı müttəfiqi Danimarka ilə münasibətlərinə önəm verdiyini vurğulayaraq, Vaşinqtonun Danimarka xarici işlər naziri Lars Lokke Rasmussen ilə “məhsuldar görüş” keçirdiyini də əlavə edib.