BAKI,VOA
“Müftəhul-Ərəbiyyə” (Ərəb dilinin açarı) verilişinin ilk buraxılışında studiyanın qonağı olan 23 illik təcrübəyə malik ərəb dili müəllimi, dosent İlkin Əlimuradov Azərbaycanda ərəb dilinin tədrisindəki mövcud mənzərəni, qarşıya çıxan çətinlikləri və bu sahədə formalaşan fobiyaları ətraflı şəkildə təhlil edib.
VOA ArabAZ-a istinadən xəbər verir ki, İlkin Əlimuradovun müsahibəsində önə çıxan əsas məqamlar, problemlər və onların aradan qaldırılması üçün irəli sürülən təkliflər aşağıdakı kimidir:
Ərəb dilinin əhəmiyyəti və marağın artması
Qlobal və milli status: Ərəb dili BMT-nin rəsmi işçi dillərindən biri olmaqla yanaşı, Azərbaycan üçün də böyük tarixi və milli əhəmiyyət kəsb edir. Ölkəmizin zəngin tarixi irsinin mühüm bir hissəsi ərəb dilində və ya ərəb qrafikalı əlifba ilə yazılmışdır.
Turizm faktoru və məişət səviyyəsi: 2015-2016-cı illərdən etibarən ərəb ölkələrindən gələn turistlərin sayının artması əmək bazarında bu dilə tələbatı yüksəldib. Bu da akademik səviyyədə olmasa da, gündəlik məişət ərəbcəsini öyrənənlərin sayında müsbət artıma səbəb olub.
Tədrisdə əsas problemlər və fərdi yanaşmalar
Dinləmə və danışıq bacarığının zəifliyi: Tələbələrdə yazı və oxuyub-anlama bacarıqları yaxşı inkişaf etsə də, dinləmə (audirovanie) və şifahi nitq qabiliyyəti kölgədə qalır. Bu problem imtahan nəticələrində də açıq suallara verilən cavabların azlığında özünü göstərir.
Müəllim amili: Bəzən müəllimlərin özləri də təhsil illərində yalnız qrammatik təhlillər və yazılı tərcümə ilə məşğul olduqları üçün şifahi nitq fəaliyyətini tələbələrə ötürməkdə çətinlik çəkirlər.
Metodoloji səhvlər: Yerli və ana dilində yazılmış anlaşıqlı dərsliklər qala-qala, tələbələri birbaşa ərəb filoloqları üçün nəzərdə tutulmuş qəliz qrammatika kitablarına yönəldirlər. Bu isə tələbənin sintaktik təhlili mükəmməl bilməsinə, lakin sadə bir cümlə qura bilməməsinə yol açır.
Ərəb dilinə qarşı fobiya və onun səbəbləri
Süni şəkildə yaradılan qorxu: Cəmiyyətdə və hətta bəzi müəllimlərin təqdimatında ərəb dilinin “dünyanın ən çətin dili” kimi qələmə verilməsi psixoloji baryer yaradır.
Şablon qaydaların fəsadları: Müəllimlər tərəfindən hər bir hərfin “əvvəldə, ortada, sonda və müstəqil” olmaqla dörd cür yazılış formasının şablon olaraq mexaniki şəkildə vurğulanması tələbəni qorxudur (28 hərfi dördə vuraraq böyük bir yük kimi təqdim edirlər). Halbuki, dil daha sadə – “birləşən və birləşməyən hərflər” prinsipi ilə izah olunmalıdır.
Həll yolları və tövsiyələr
Müasir dərsliklər və sorğular: Dərs vəsaitlərinin yararlılığını ölçmək üçün fərdi mühakimələrdən uzaqlaşıb, həm müəllimlər, həm də tələbələr arasında geniş elmi sorğular keçirilməlidir.
Sürətləndirilmiş kursların yalanı: “12 dərsə və ya 2 aya ərəb dili öyrədirik” tipli reklam elanları tələbələrdə yanlış gözlənti yaradır və motivasiyanı öldürür. Dil öyrənmək uzunmüddətli, davamlı bir prosesdir.
Praktiki özünüinkişaf: Dil öyrənmək üçün mütləq şəkildə ərəb ölkəsində yaşamaq şərt deyil. Tələbə gündəlik həyatda gördüyü əşyaları, hadisələri öz-özünə ərəb dilində səsləndirməklə və daxili dialoq qurmaqla nitqini pulsuz və səmərəli inkişaf etdirə bilər.
Erkən planlaşdırma: Gələcəkdə övladlarının tarixçi, şərqşünas, ilahiyyatçı və ya filoloq olmasını istəyən valideynlər, orta məktəb dövründə ikinci xarici dil kimi məhz ərəb dilini seçməlidirlər ki, ali təhsildə sıfırdan başlamaq məcburiyyətində qalmasınlar.
Müsahibənin sonunda verilişin aparıcısı Səriyyə Hüseynova dəyərli fikirlərinə və ilk qonaq olduğuna görə dosent İlkin Əlimuradova təşəkkürünü bildirib.