BAKI, VOA, Orxan Qədirzadə
ABŞ Dövlət Departamenti ölkəyə giriş vizası üçün müraciət edən şəxslərdən 15 000 dollaradək maliyyə zəmanəti (bond) tələb olunan ölkələrin siyahısını genişləndirib.
VOA xəbər verir ki, çərşənbə günü siyahıya daha 12 ölkənin əlavə edilməsi ilə bu məhdudiyyətə məruz qalan dövlətlərin ümumi sayı 50-yə çatıb.
Yeni qərar aprelin 2-dən etibarən Kamboca, Efiopiya, Gürcüstan, Qrenada, Lesoto, Mavriki, Monqolustan, Mozambik, Nikaragua, Papua Yeni Qvineya, Seyşel adaları və Tunis vətəndaşlarına şamil olunacaq. Tramp administrasiyası bu addımı viza müddətini aşanların sayını azaltmaq və qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün effektiv mexanizm kimi müdafiə edir.
Məlumata görə, depozit məbləği viza müsahibəsi zamanı risk faktorlarına uyğun olaraq üç səviyyədə – 5 000, 10 000 və ya 15 000 dollar olaraq müəyyən edilir. Əgər şəxs viza müddəti bitmədən ABŞ-ı tərk edərsə, məbləğ geri qaytarılır. Lakin tənqidçilər bu siyasətin azgəlirli ölkələrdən olan turistlərə qarşı diskriminasiya olduğunu və 2026-cı il Dünya Çempionatı ərəfəsində turizm sektoruna zərbə vurduğunu bildirirlər.
Tramp administrasiyası yanvar ayından bəri 675 min nəfəri deportasiya etdiyini və 75 ölkədən immiqrasiya vizalarının emalını dayandırdığını açıqlayaraq, "Öncə Amerika" (America First) siyasətini sərtləşdirməkdə davam edir.