Rəsmi Xronika

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taniyə Qətərin milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb. Məktubda Azərbaycan və Qətər arasında ortaq dini-mədəni dəyərlərə, qardaşlıq və İslam həmrəyliyinə əsaslanan münasibətlərin yüksək səviyyədə olduğu vurğulanıb. Dövlət başçısı qarşılıqlı etimad və dəstək üzərində qurulan ikitərəfli və çoxtərəfli əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib. Prezident İlham Əliyev Əmirə möhkəm cansağlığı və fəaliyyətində uğurlar, qardaş Qətər xalqına isə sülh və firavanlıq arzulayıb.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi iradəsi və xilaskarlıq missiyası sayəsində müstəqil Azərbaycan dövləti qurulub möhkəmlənmiş, Ulu Öndərin rəhbərliyi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi təməlini yaratmışdır. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və uzaqgörən strategiyası, sarsılmaz liderliyi və Silahlı Qüvvələrimizin misilsiz qəhrəmanlığı sayəsində Vətən müharibəsində qazandığımız Zəfər və lokal xarakterli antiterror əməliyyatı nəticəsində suverenliyimiz və ərazi bütövlüyümüz tam bərpa edilmişdir.