Rəsmi Xronika

Hər iki ölkə (Azərbaycan və Ermənistan) artıq sülh və əmin-amanlıq şəraitində yaşamağın nəticələrini əyani şəkildə daha çox nümayiş etdirməlidir ki, biz öz cəmiyyətlərimizin də qarşılıqlı olaraq bu prosesə tam bir töhfəsini görək. Bu sözləri Prezident İlham Əliyev Davosda “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında çıxışı zamanı söyləyib.

Sülh üçün öhdəlik götürülərsə, qısa zaman kəsiyində iki ölkə sülhə nail ola bilir. Bu sözləri Prezident İlham Əliyev Davosda “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında çıxışı zamanı deyib. Dövlətimizin başçısı qeyd edib: “İmzalanan (Vaşinqtonda sülh sazişi ilə bağlı – red.) isə günümüzdə praktiki nəticələrə çevrilir. Bu, gələcəkdə 5-6 aylıq sülh deyil və təbii, danmırıq ki, müstəqil ölkə olaraq bu vəziyyətdən zövq alırıq”.

Artıq uzun illərdir ki, biz Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə istənilən əməkdaşlığı dayandırmışıq. Bu sözləri Prezident İlham Əliyev yanvarın 20-də Davosda “Euronews” televiziyasına müsahibəsində Azərbaycanın Avropa Parlamenti tərəfindən daim tənqid olunmasına münasibət bildirərkən deyib.

Azərbaycan Cənubi Qafqazın enerji ehtiyatlarına məxsus və onları Cənubi Qafqazın digər ölkələrinə ixrac edən yeganə ölkədir. Bölgənin digər ölkələri - uzun illər Gürcüstan, indi isə artıq Ermənistan enerji ehtiyatlarını Azərbaycandan idxal edir. Avropa və Avropa İttifaqı ilə isə bizim enerji əməkdaşlığımız artmaqdadır. Biz artıq 16 ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqının üzvüdür. Boru kəməri qazı ilə coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir.

Belə nüfuzlu mükafatı (“Zayed İnsan Qardaşlığı Mükafatı” – red.) almaq mənim üçün böyük şərəfdir. Xüsusən də o, Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, mərhum Şeyx Zayedin adını daşıyır. Mən bu qərarı otuz ildən artıq müddətdə qan tökülməsindən, münaqişə və müharibələrdən sonra Qafqazda sülhün qurulmasında səylərimizə verilən qiymət kimi qəbul edirəm.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb ilə görüşüb. Söhbət zamanı Azərbaycan və Finlandiya prezidentlərinin əvvəlki görüşləri məmnunluqla xatırlandı, həmin görüşlər zamanı ölkələrimiz arasında əlaqələrin inkişafı ilə bağlı səmərəli müzakirələrin aparıldığı vurğulandı.