BAKI, VOA, Orxan Qədirzadə
Yaxın Şərqdə davam edən genişmiqyaslı hərbi münaqişə zamanı ABŞ-a məxsus beşinci nəsil F-35 döyüş təyyarəsi İran üzərində tapşırıq yerinə yetirərkən ciddi xəsarət alıb.
VOA xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) təyyarənin bazaya təcili eniş etdiyini və pilotun vəziyyətinin stabil olduğunu təsdiqləyib.
CENTCOM sözçüsü Tim Hokins bildirib ki, hadisə zamanı F-35 qırıcısı "döyüş missiyası" çərçivəsində İran hava məkanında olub. Hadisə ilə bağlı genişmiqyaslı araşdırma başladılıb.
Lakin İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tamamilə fərqli bir bəyanatla çıxış edib. SEPAH-ın məlumatına görə, ABŞ qırıcısı martın 19-da saat 02:50 radələrində İranın müasir hava hücumundan müdafiə sistemləri tərəfindən hədəf alınıb və ağır zədələnib. İran tərəfi təyyarənin yerə çırpılma ehtimalının yüksək olduğunu iddia edərək, vurulma anına dair görüntülər yayımlayıb.
Xatırladaq ki, ABŞ və İsrail 28 fevral tarixindən etibarən İrana qarşı intensiv hərbi əməliyyatlara başlayıb. Bu hücumlar nəticəsində İranın ali rəhbəri Əli Xamenei də daxil olmaqla bir çox yüksək rütbəli rəsmi həlak olub.
İran rəsmilərinin məlumatına görə, hücumlar zamanı ölənlərin sayı 1348-i keçib, 17 mindən çox insan yaralanıb.