#Ülvi Mehdiyev

Kambocada yaxın vaxtlarda Azərbaycanın “ASAN xidmət” modeli tətbiq olunacaq. Bu barədə “ASAN xidmət” məlumat yayıb. Kambocanın Azərbaycandakı yeni səfiri Sok Çea “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub. Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa xidmət mərkəzlərinin fəaliyyəti və innovativ həllər barədə məlumat verib. Bildirilib ki, “ASAN xidmət” modeli artıq 35-dən çox ölkəyə ixrac olunur. Görüşdə Kamboca ilə imzalanmış Anlaşma Memorandumunun icrası da müzakirə edilib. Tərəflər əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işləri nəzərdən keçiriblər. Layihə Azərbaycanın uğurlu dövlət xidmətləri modelinin beynəlxalq miqyasda yayılmasının növbəti nümunəsi hesab olunur.

​14 yanvarda Pakistanın İslamabad şəhərində “ASAN xidmət” mərkəzinin açılış mərasimi keçirilib. Bildirilib ki, mərasimdə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif, Pakistan hökumətinin üzvləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak ediblər. ​Azərbaycanın intellektual brendi olan ASAN konsepsiyası əsasında yaradılan mərkəz barədə məlumat verilib.