#Silahlanma yarışı

ABŞ Senatının Təxsisat Komitəsi İsrailə ən azı 3,3 milyard dollar hərbi yardım ayrılmasını və Fələstinə edilən maliyyə dəstəyinə yeni qadağaların qoyulmasını nəzərdə tutan qanun layihəsini təqdim edib. Büdcə layihəsinə əsasən, İsrailə ayrılacaq vəsaitin 30 gün ərzində köçürülməsi və müasir silah sistemlərinin alınmasına sərf edilməsi planlaşdırılır. Sənəddə Fələstinə göstərilən təhlükəsizlik yardımları üçün sərt şərtlər müəyyən edilib.

Almaniyanın silah və hərbi texnika ixracının həcmi 2025-ci ildə Ukraynaya göstərilən hərbi yardımın azalması fonunda təxminən 8,40 milyard avroya enib. Alman Xəbər Agentliyinin (DPA) məlumatına görə, Sol Partiyanın sorğusuna cavab verən Almaniya İqtisadiyyat Nazirliyi hökumətin bu ilin 8 dekabr tarixinədək 8,40 milyard avro dəyərində silah və hərbi material satışına icazə verdiyini açıqlayıb. Məlumata əsasən, Almaniyanın silah ixracı 2023-cü ildə 12,15 milyard avro, 2024-cü ildə isə 13,33 milyard avro ilə rekord səviyyəyə çatmışdı. 2025-ci ildə isə bu göstəricidə nəzərəçarpacaq azalma qeydə alınıb.

Almaniyada Protestant və Katolik kilsələri tərəfindən yaradılan Kilsə və İnkişaf üzrə Birgə Konfrans (GKKE) Almaniya hökumətinə İsrailə silah ixracının həyata keçirilməməsi çağırışı edib. GKKE-nin həmsədrləri Karl Yüsten və Anne Gidion paytaxt Berlində “29-cu Silah İxracı Hesabatı” ilə bağlı mətbuat konfransı keçiriblər. Katolik Kilsəsinin nümayəndəsi Karl Yüsten çıxışı zamanı bildirib ki, GKKE hökuməti Qəzza zolağında istifadə oluna biləcək silahların, bölgədəki vəziyyət kifayət qədər sabitləşənədək və bu silahların beynəlxalq humanitar hüququn ciddi pozuntularında istifadə olunma riski aradan qalxanadək İsrailə təhvil verilməməsinə çağırır. O vurğulayıb ki, hazırkı atəşkəs son dərəcə kövrəkdir.

ABŞ Prezidenti Donald Tramp İspaniyanın İsraillə bütün ticarət və hərbi münasibətləri dayandırmasına münasibət bildirib. Tramp açıqlamasında İspaniyanın NATO-ya qarşı öhdəliklərinə əməl etmədiyini deyib. “İspaniya NATO-ya sadiq qalmadı. Məncə, bu ölkə müəyyən cəza almalıdır. Lakin bu məsələ NATO ilə İspaniya arasında həll olunmalıdır,” – deyə ABŞ Prezidenti qeyd edib.