İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzadakı “Sarı xətt”dən geri çəkilməyəcəklərini açıqlayıb. O, İsrail qüvvələrinin hazırda nəzarət etdiyi mövqelərdə qalacağını bildirib. “Sarı xətt” 2025-ci ilin oktyabrında qüvvəyə minən atəşkəsin birinci mərhələsi çərçivəsində müəyyənləşdirilib. Həmin mərhələdə İsrail ordusu bu xəttədək geri çəkilib. İsrail ordusunun xəritələrinə görə, xətt Qəzzanın şərq sərhədindən 1,5 kilometrdən 6,5 kilometrədək zolağın daxilinə doğru uzanır. Bu ərazi Qəzza zolağının təxminən 58 faizini əhatə edir. Netanyahunun açıqlaması İsrail qüvvələrinin Qəzzadakı gələcək mövqeləri ilə bağlı müzakirələr fonunda verilib. Baş nazir İsrailin nəzarət etdiyi ərazilərdə qalmaq niyyətində olduğunu açıq şəkildə ifadə edib.