#Beyta

Fələstin rəhbərliyi Əl-Əqsa məscidi və digər müqəddəs məkanlar ətrafında vəziyyətin təhlükəli həddə çatdığı barədə xəbərdarlıq edib. Bəyanatda İsrail qüvvələri və məskunlaşanların hərəkətlərinin daha geniş dini qarşıdurmaya səbəb ola biləcəyi bildirilib. Fələstin tərəfi sistemli hücumların bütün hədləri aşdığını vurğulayıb. Nablusun şimal-qərbindəki Beyta şəhərində məscidlərdən birinin yandırılmasına cəhd göstərildiyi və divarlarına irqçi şüarlar yazıldığı qeyd olunub. Hadisələrin İtamar Ben-Qvirin Əl-Əqsa məscidinə daxil olması ilə eyni vaxta təsadüf etdiyi bildirilib. Fələstin rəhbərliyi təkrarlanan hücumlara və təhriklərə görə məsuliyyətin İsrail hökumətinin üzərinə düşdüyünü bəyan edib. Mövcud vəziyyətin bütün bölgə üçün ciddi nəticələr doğura biləcəyi vurğulanıb. Beynəlxalq ictimaiyyət baş verənlərin qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırılıb.