#Mediasiya institutu

Dövlət mediasiya institutunun formalaşdırılması, inkişaf etdirilməsi və hüquqi əsaslarının müəyyən edilməsi baxımından mühüm rol oynayır. Azərbaycan Respublikasında mediasiya institutunun hüquqi bazası "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmişdir. Bu qanun mediasiyanın tətbiq sahələrini, mediatorların hüquq və vəzifələrini, mediasiya təşkilatlarının fəaliyyət prinsiplərini və mediasiya prosesinin əsas qaydalarını tənzimləyir.

Son illərdə alternativ mübahisələrin həlli üsulları bütün dünyada olduğu kimi, Türk dövlətlərində də hüquqi islahatların mühüm istiqamətlərindən birinə çevrilmişdir. Məhkəmələrin iş yükünün azaldılması, vətəndaş məmnuniyyətinin artırılması, sahibkarlıq mühitinin yaxşılaşdırılması və cəmiyyət daxilində barışıq mədəniyyətinin təşviqi məqsədilə mediasiya institutunun inkişafına xüsusi diqqət yetirilir.