#Hövsan

Leyla Əliyevanın təşəbbüsü ilə Suraxanı rayonunun Hövsan qəsəbəsində yeni nümunəvi ictimai çimərlik istifadəyə verilib. Təxminən 5 hektar ərazini əhatə edən istirahət məkanı tamamilə ödənişsizdir. Çimərlikdə sakinlərin rahatlığı üçün xilasetmə məntəqələri, kölgəliklər, duş və soyunub-geyinmə otaqları, sanitar qovşaqlar və oyun meydançaları yaradılıb. Əlilliyi olan şəxslərin rahat hərəkəti üçün xüsusi yollar və panduslar inşa edilib. Bu, IDEA İctimai Birliyi tərəfindən yaradılan yeddinci nümunəvi ictimai çimərlikdir. Daha əvvəl Şıx, Goradil, Novxanı, Buzovna, Pirşağı və Sahil qəsəbələrində oxşar çimərliklər istifadəyə verilmişdi. IDEA sakinləri sahillərin təmizliyinə riayət etməyə və suda təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.