#Armoni orkestri

Bakıda 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan və Türkiyə hərbi orkestrlərinin birgə konserti keçirilib. Müdafiə Nazirliyinin məlumatına görə, tədbir Fəvvarələr meydanında təşkil olunub. Konsert proqramında Heydər Əliyev adına Hərbi İnstitutun və Türkiyə Silahlı Qüvvələrinin Armoni orkestrləri çıxış ediblər. Tədbir Heydər Əliyevin, Mustafa Kamal Atatürkün və şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Respublikasının İstiqlal Marşı səsləndirilib. Proqram çərçivəsində hərbi-vətənpərvərlik mahnıları, marşlar və tanınmış bəstəkarların əsərləri ifa olunub. Konsert şəhər sakinləri və paytaxtın qonaqları tərəfindən böyük maraqla izlənilib. Bayram tədbiri Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq və hərbi əməkdaşlığın növbəti nümunəsi kimi dəyərləndirilib.