Avropa İttifaqında aviasiya yanacağı ilə bağlı mümkün çatışmazlıq yenidən narahatlıq doğurur. Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol daha əvvəl Avropanın məhdud yanacaq ehtiyatlarına diqqət çəkmişdi. Hazırda bazarda sabitlik qorunsa da, hava nəqliyyatına yüksək tələbatın ilin ikinci yarısında təchizat problemləri yarada biləcəyi bildirilir. Avropa Komissiyası vəziyyəti yaxından izlədiyini açıqlayıb. Energetika üzrə komissar Dan Yorgensen üzv ölkələrin zərurət yaranacağı təqdirdə milli ehtiyatlardan istifadə edə biləcəyini bildirib. O qeyd edib ki, Komissiya belə bir qərarın həyata keçirilməsində əlaqələndirici rol oynamağa hazırdır. Eyni zamanda, dünya enerji bazarlarında Brent markalı neftin qiymətinin 5 faizdən çox ucuzlaşması diqqət çəkib. Ekspertlər hesab edirlər ki, yanacaq bazarında baş verən dəyişikliklər yaxın aylarda Avropanın hava nəqliyyatı sektoruna birbaşa təsir göstərə bilər.