#Burqa

İşğal altındakı İordan çayının qərb sahilində və Şərqi Qüdsdə gərginlik davam edir. Fələstinin Vəfa xəbər agentliyinin məlumatına görə, son saatlarda İsrail ordusu və yəhudi məskunlaşmaçıların iştirakı ilə bir neçə insident baş verib. Burqa kəndində kənd təsərrüfatı sahələrinin yandırıldığı, Əl-Əqsa məscidi yaxınlığında bir fələstinlinin saxlanıldığı bildirilir. Həmçinin Əl-Xəlildə yerləşən Əl-Rəs məscidinə basqın edilərək ibadət edən şəxslərə zor tətbiq olunduğu və məscidin bağlandığı qeyd edilir. Muxmas qəsəbəsində yeni yaşayış məntəqəsi salınması məqsədilə torpaq sahələrinin dağıdıldığı iddia olunur. Bundan əlavə, Ramallah ətrafında fələstinlilərə məxsus avtomobillərə hücumlar barədə məlumat verilib. Məlumatlar Fələstinin Vəfa xəbər agentliyi tərəfindən yayılıb. Bu iddialarla bağlı İsrail tərəfinin mövqeyi açıqlanmayıb.