Dünya çempionatı oyunlarının başlaması ilə milyonlarla futbol azarkeşi yenidən həyəcan, gözlənti və emosional gərginlik atmosferinə daxil olub. Mütəxəssislər xəbərdarlıq edirlər ki, meydandakı 90 dəqiqəlik mübarizə yalnız futbolçular üçün deyil, azarkeşlərin sağlamlığı üçün də müəyyən risklər yarada bilər. Oyunun başlamasından saatlar əvvəl yaranan gözlənti hissi, qarşılaşma zamanı yaşanan həyəcan, qol epizodları, hakim qərarları və nəticə ilə bağlı narahatlıq bəzi insanlarda güclü emosional reaksiyalara səbəb olur. Bu hisslər sevinc, qürur və milli həmrəylik kimi müsbət emosiyalar yaratsa da, ürək-damar sistemi ilə bağlı problemləri olan şəxslər üçün əlavə yükə çevrilə bilər.