Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın videokonfransında silahlı münaqişələr zamanı ətraf mühitin qorunmasının vacibliyindən danışıb. O bildirib ki, münaqişələr yalnız insanlara deyil, təbiətə də uzunmüddətli zərər vurur. Sahibə Qafarova beynəlxalq humanitar hüququn bu sahədə mühüm rol oynadığını və parlamentlərin qanunvericilik vasitəsilə prosesə töhfə verdiyini qeyd edib. Çıxışda Azərbaycanın işğal dövründə üzləşdiyi ekoloji fəsadlara xüsusi diqqət ayrılıb. Spiker minaların insan və təbiət üçün yaratdığı təhlükəni vurğulayıb. O, Azərbaycanın azad edilmiş ərazilərdə ekoloji bərpa və minatəmizləmə layihələri həyata keçirdiyini bildirib. Sahibə Qafarova ətraf mühitin qorunmasının dayanıqlı sülhün əsas şərtlərindən biri olduğunu qeyd edib.