#elektron xidmətlər

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti beynəlxalq mükafat qazanıb. Qurum mədəni irsin rəqəmsallaşdırılması və məlumatlara əsaslanan mühafizə sahəsində əldə etdiyi nəticələrə görə fərqləndirilib. Mükafat Birləşmiş Ərəb Əmirliklərində keçirilən beynəlxalq müsabiqə çərçivəsində təqdim olunub. Qiymətləndirmə zamanı tarixi abidələrin rəqəmsal qeydiyyatı, vahid məlumat bazalarının yaradılması və yenilikçi idarəetmə üsullarının tətbiqi nəzərə alınıb. Dövlət Xidmətinin altı istiqamət üzrə təqdim etdiyi elektron xidmətlər də yüksək qiymətləndirilib. Vətəndaşların müraciətlərini rəqəmsal qaydada izləyə bilməsi şəffaflığı və xidmət keyfiyyətini artıran amil kimi göstərilib. Mükafat qurumun rəqəmsal inkişaf sahəsində gördüyü işlərin beynəlxalq səviyyədə tanındığını təsdiqləyir. Bu, Dövlət Xidmətinin cari ildə qazandığı növbəti beynəlxalq uğurdur.

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin “Açıq Dialoq Platforması” çərçivəsində Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov biznes nümayəndələri ilə görüş keçirib. Tədbirdə logistika, gömrük prosedurları və sahibkarlıq mühitinin inkişafı ilə bağlı məsələlər müzakirə olunub. Tədbirin açılış hissəsində Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin sədri Hüseyin Büyükfırat çıxış edərək dövlət–biznes əməkdaşlığının genişləndirilməsi, sahibkarlıq mühitinin dəstəklənməsi və gömrük sistemində həyata keçirilən yeniliklərlə bağlı fikirlərini bölüşüblər.