#regional qarşıdurma

ABŞ-nin keçmiş səfiri Coi Hud İranın Körfəz ölkələrinə hücum etməsini strateji səhv kimi qiymətləndirib. O bildirib ki, Tehran bu addımla regional qarşıdurmanın yeni mərhələsini başladıb. Ekspertin sözlərinə görə, İran hücumlarını yalnız ABŞ qüvvələrinə və İsrailə yönəltsəydi, beynəlxalq dəstək qazana bilərdi. Lakin Körfəz ölkələrinin infrastrukturunun və kommersiya gəmilərinin hədəfə alınması regionda İranın mövqeyinə mənfi təsir göstərib. Hud hesab edir ki, Tehran Körfəz iqtisadiyyatları üzərində daha böyük təsir yaratmağa çalışır. Gərginlik regionda yeni təhlükəsizlik narahatlıqları yaradıb.

İsrail–Livan sərhədində təhlükəsizlik vəziyyəti yenidən diqqət mərkəzinə gəlib. İsrail ordusu Hizbullah tərəfindən göndərildiyi iddia edilən bir neçə partlayıcı pilotsuz uçuş aparatının hava hücumundan müdafiə sistemləri və hərbi aviasiya vasitəsilə məhv edildiyini açıqlayıb. Rəsmi məlumatlara görə, bəzi pilotsuz aparatların sərhəd bölgəsi yaxınlığında İsrail ərazisinə düşdüyü bildirilsə də, hadisə nəticəsində xəsarət alan olmayıb. Son hadisə bölgədə onsuz da yüksək olan hərbi və siyasi gərginliyin yeni mərhələyə keçə biləcəyi ilə bağlı ehtimalları artırıb.

Hizbullah son saatlarda İsrailin şimalı və Livanın cənubunda bir sıra hərbi hədəflərə zərbələr endirdiyini iddia edib. Qruplaşmanın açıqlamasına görə, pilotsuz aparatlarla hava hücumundan müdafiə sistemi, yaşayış məntəqələri istiqamətləri və hərbi texnika hədəfə alınıb. İsrail tərəfi isə bu iddialarla bağlı hələlik rəsmi mövqe açıqlamayıb.

İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın Livandakı Hizbullah hərəkatına dəstəyinin davam etdiriləcəyini bildirib. Onun sözlərinə görə, Pakistanın vasitəçilik etdiyi danışıqlar zamanı İran mümkün razılaşmaların Livanda atəşkəsin təmin olunması ilə əlaqələndirilməsini tələb edib. Tehran bu mövqenin gələcək mərhələlərdə də gündəmdə qalacağını vurğulayır.

İsrailin Livanın Sur şəhəri və ətraf ərazilərinə hücumları daha da intensivləşib. Bölgədə qırıcı təyyarələr və pilotsuz aparatların fəallığı artıb, 11 yaşayış məntəqəsi üçün məcburi köçürülmə əmri verilib. Minlərlə insanın təhlükə ilə üzləşdiyi bildirilir.

İsrailin Qəzzanın şimalında yerləşən Şeyx Rıdvan bölgəsi yaxınlığındakı polis mövqeyinə endirdiyi hava zərbəsi nəticəsində beş polis əməkdaşı həlak olub. Məlumata görə, hadisə zamanı altı nəfər də yaralanıb. Tibbi mənbələrin açıqlamasında qeyd olunub ki, zərbə nəticəsində ümumilikdə beş nəfər ölüb, altı nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.