#İsrail-Livan gərginliyi

BMT-nin Livanın cənubunda fəaliyyət göstərən Müvəqqəti Qüvvələri İsrailin bölgədə hərbi fəaliyyətinin artdığını bildirib. Avqustun 5-dən 16-dək hər gün orta hesabla 137 mərmi və raket atıldığı qeydə alınıb. Şənbə günü 208, bazar günü isə 185 mərmi və raket atılıb. BMT bölgədə artan gərginliyin mülki əhaliyə ciddi təsir etdiyini açıqlayıb. Bir çox ailə təhlükəsizlik səbəbindən yaşadığı əraziləri tərk edib və gündəlik həyatını dəyişməli olub. BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin mandatı 1978-ci ildə yaradılıb. Qüvvələrin mandatının bu ilin sonunda başa çatması nəzərdə tutulur. Yeni qüvvənin yaradılması halında onun daha az sayda hərbçidən ibarət olması və regional razılaşma əsasında fəaliyyət göstərməsi gözlənilir.

İsrail ordusunun Livanın cənubundakı Ənsar qəsəbəsinə endirdiyi hava zərbəsi nəticəsində 7 nəfər ölüb, 3 nəfər yaralanıb. Livanın Baş naziri Nəvvaf Salam hücumları “son dərəcə təhlükəli eskalasiya” adlandırıb. Livanın Milli Xəbər Agentliyinin məlumatına görə, İsrailin zərbəsi nəticəsində yaşayış evi tamamilə dağılıb. Xilasetmə və mülki müdafiə qrupları dağıntılar altında qalan şəxslərin çıxarılması və yaralıların xəstəxanalara çatdırılması istiqamətində iş aparıb.