ABŞ Prezidenti Donald Trampın Ağ Evdə səsləndirdiyi son açıqlamalar Vaşinqtonun İranla bağlı strategiyasının əsas konturlarını daha aydın göstərməyə başlayıb. Son günlər həm Ağ Evdən, həm də ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndələrindən verilən açıqlamalar göstərir ki, tərəflər arasında danışıqlar prosesi dayanmayıb və diplomatik təmaslar davam edir. Bununla yanaşı, Vaşinqton hələlik yekun razılaşmanın əldə olunmadığını vurğulayır. Mövcud vəziyyət ABŞ-ın bir tərəfdən diplomatik həll variantını açıq saxladığını, digər tərəfdən isə Tehran üzərində siyasi və hərbi təzyiq mexanizmlərindən imtina etmədiyini göstərir. Analitiklər hesab edirlər ki, Ağ Ev eyni vaxtda həm müsbət siqnallar, həm də sərt mesajlar verməklə danışıqlarda üstün mövqe əldə etməyə çalışır.