Siyasət elminin atası hesab olunan florensiyalı Nikolo Makiavellinin 1513-cü ildə qələmə aldığı "Hökmdar" (Il Principe) əsəri, yazılmasından beş əsr keçməsinə baxmayaraq, hələ də dövlət idarəçiliyi və liderlik mövzusunda ən çox müraciət edilən klassik mənbə olaraq qalır. Əsl adı "De Principatibus" (Knyazlıqlar haqqında) olan bu traktat müəllifin ölümündən 5 il sonra, 1532-ci ildə işıq üzü görüb. Kitab həm də siyasi leksikona "makiavelizm" terminini daxil edib ki, bu da "məqsəd vasitəyə bəraət qazandırır" prinsipi ilə eyniləşdirilir.