Azərbaycanın daha bir boksçusu Liverpulda keçirilən dünya çempionatına qələbə ilə başlayıb. Səidcəmşid Cəfərov ilk döyüşündə rəqibi üstələyib. 75 kiloqramda mübarizə aparan təmsilçimiz 1/16 finalda Qavin Raffertini (İrlandiya) məğlub edib. Hər üç raundu aktivinə yazan S.Cəfərov yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:26) hesabı ilə qələbə qazanıb.
#turnir
Bolqarıstanın Samokov şəhərində U20 dünya çempionatı davam edir. Yunan Roma-güləşçimiz Ayxan Cavadov (60 kq) finalda ermənistanlı Yurik Mxitaryanla qarşılaşıb. Fasiləyə 3:5 hesabıyla geridə yollanan Cavadov ikinci hissədə əzmkarlıq nümayiş etdirərək inamlı qələbə qazanıb – 12:5. Beləliklə, bu yarışda Ayxan ilk dünya çempionumuz olub. Ötən il U17 yaş qrupunda dünya və Avropa çempionu olan yunan-Roma güləşçimiz bu il eyni uğura U20 yaş qrupunda imza atıb.
Nurlan Ağazadə (70 kq) debüt etdiyi mundialda fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Həmyerlimiz həlledici görüşdə gürcüstanlı Qoqa Otinaşvilidən güclü olub – 4:0. Yusif Dursunov (125 kq) bürünc medal uğrunda qarşılaşmada fransalı Levan Laqvilavayla üz-üzə gəlib. Son saniyələrdə həlledici xalı alan güləşçimiz 2:1 hesablı qələbəylə dünya üçüncüsü olub.