Böyük Britaniyada İsraillə işləyən şirkətlərə qarşı aksiyaları ilə tanınan və iyul ayında qadağan edilən “Palestine Action” qrupuna dəstək məqsədilə Londonda keçirilən etirazlarda kütləvi həbslər baş verib. “Defend Our Juries” təşkilatının çağırışı ilə yüzlərlə insan paytaxtın Parlament Meydanında toplaşaraq yerli vaxtla saat 13:00-da etiraza başlayıb. Aksiya iştirakçıları “Soyqırıma yox, Palestine Action-a dəstək verirəm” şüarları yazılmış pankartlar qaldırıblar. Polisin müdaxiləsi ilə etiraz aksiyası gərginləşib. London Polisi açıqlama verərək saxlanmaların əksəriyyətinin qadağan edilmiş qrupa dəstək göstərilməsi səbəbilə həyata keçirildiyini bildirib.
#etirazlar
ABŞ-ın paytaxtı Vaşinqtonda minlərlə insan küçələrdə aksiya keçirərək prezident Donald Trampdan Milli Qvardiya qüvvələrinin şəhərdən çıxarılmasını tələb edib. “Hamımız paytaxtıq” adı altında təşkil olunan yürüşdə qeydiyyatsız miqrantlar və fələstinlilərə dəstək verən iştirakçılar da yer alıblar. Etirazçılar Trampa qarşı şüarlar səsləndirib, “Tramp indi getməlidir”, “Paytaxtı azad edin” və “Diktaturaya qarşı çıxın” sözlərinin yazıldığı plakatlar qaldırıblar. Xatırladaq ki, Tramp ötən ay şəhərdə cinayətlərin artdığını əsas gətirərək qanun və asayişi bərpa etmək məqsədilə hərbçiləri küçələrə çıxardığını bəyan etmişdi. O, həmçinin Vaşinqton polis idarəsini birbaşa federal nəzarət altına almış və küçələrdə təhlükəsizliyi təmin etmək üçün Miqrasiya və Gömrük Xidməti də daxil olmaqla federal hüquq-mühafizə qurumlarının əməkdaşlarını şəhərə göndərmişdi.
Bu gün İsraildə tələbələr küçələrə çıxaraq girovların azad edilməsini və Qəzza zolağında sülh sazişinin imzalanmasını tələb ediblər. Yüzlərlə tələbə ölkənin şimalında yol ayrıcını bağlayaraq İsrail ilə HƏMAS arasında razılaşma əldə olunmasını və Qəzzada saxlanılan girovların azad edilməsini tələb edib. Məlumata əsasən, bəzi tələbələr “Girovlar olmadan təhsil yoxdur” yazılmış plakatlar qaldırıblar.
ABŞ prezidenti Donald Trampın və onun administrasiyasının əleyhdarları ölkə üzrə yüzlərlə etiraz aksiyası keçirməyə hazırlaşırlar. Məlumata görə, “May Day Strong” təşkilatı həmkarlar ittifaqları ilə birlikdə “İşçilər milyarderlərdən üstündür” şüarı altında 765 aksiyanın keçirilməsini planlaşdırır. Bundan başqa, respublikaçılar tərəfindən seçki dairələrinin sərhədlərinin dəyişdirilməsinə qarşı çıxan qruplar da milli bayram günü nümayişlər təşkil edəcəklər.
Təl-Əvivdə Qəzza müharibəsinin davam etməsinə qarşı və girovların azad olunması tələbi ilə keçirilən etiraz aksiyasının iştirakçısı saxlanılıb. İsrail Polisinin verdiyi məlumata görə, onun üzərindən tüstü qumbarası götürülüb. Bundan əlavə, bir neçə nümayişçiyə avtomobil yolunu bağlayaraq hərəkətə mane olduqları üçün cərimə yazıldığı bildirilib. Polis bəyan edib ki, “əsas etiraz yerlərində ictimai asayişin pozulmasına yol verməmək üçün gücləndirilmiş rejimdə fəaliyyət göstərir”.
Yaponiya Xarici İşlər Nazirliyinin yazılı açıqlamasına görə, Çin iki ölkə arasındakı coğrafi median xəttin öz tərəfində yeni bir struktur qurmağa başlayıb. Bəyanatda Çinin bu təktərəfli fəaliyyətləri “son dərəcə təəssüf doğurucu” kimi qiymətləndirilərək, Pekin bu fəaliyyətləri dayandırmağa və 2008-ci ildə bağlanmış birgə resurs inkişafı sazişinə uyğun danışıqları bərpa etməyə çağırılıb. Yaponiyanın baş katibi Yoşimasa Hayaşi, eksklüziv iqtisadi zonaların və kontinental şelfin sərhədlərinin hələ müəyyənləşdirilmədiyini vurğulayaraq, Çinin hərəkətlərinin qəbuledilməz olduğunu bildirib.
Serbiyanın 50-dən çox şəhər və yaşayış məntəqəsində hökumətə dəstək məqsədilə aksiyalar keçirilib. Serbiya prezident Aleksandr Vuçiç çıxışında bildirib ki, keçirilən aksiyalar hökumət əleyhdarlarına qarşı yönəlməyib. Onun sözlərinə görə, məqsəd etirazların zorakı formalarının qarşısını almaqdır.
ABŞ-ın texnologiya şirkəti “Microsoft”un Vaşinqton ştatındakı mərkəzi ofisi qarşısında əməkdaşlar və fəallar tərəfindən etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları şirkəti İsrail ordusu ilə əməkdaşlıqda ittiham ediblər. Məlumata görə, “Apartheid üçün Azure yoxdur” adlı qrupun təşkil etdiyi etiraz zamanı iştirakçılar çadırlar qurub, pankartlar açaraq şirkətin İsraillə müqavilələrini ləğv etməsini tələb ediblər. Həmçinin Microsoft-un binalarından birinə “Şəhid Fələstinli Uşaqları Plaza” yazılmış banner asılıb, ərazi sosial mediada “Azad edilmiş zona” kimi təqdim olunub
İsraildə girovlarla həmrəylik məqsədilə keçirilən ölkə miqyaslı etiraz aksiyaları çərçivəsində bir sıra əsas yollar, o cümlədən 1-ci magistral və Raanana qovşağı etirazçılar tərəfindən bağlanıb. Bundan başqa, 75-ci və 443-cü magistral yollarının bəzi hissələri də nəqliyyata bağlıdır.
"Fələstinə Dəstək Platforması"na daxil olan vətəndaş cəmiyyəti təşkilatları, İsrailin Qəzza zolağında davam etdirdiyi hücumlara və blokadaya qarşı “Qəzzaya ümid ol” şüarı ilə İstanbulda yürüşə başlayıblar. İştirakçılar, əllərində fənərlər və məşəllərlə Ayasofya Məscidinə doğru irəliləyərkən, şəhərin müxtəlif yerlərindən gələn insanlar Qəzzaya dəstək şüarları səsləndiriblər. Yürüş boyu “Azad Fələstin” və “Qatil İsrail” şüarları eşidilib.
Fransanın paytaxtı Parisdə Fələstinə dəstək və İsrail hökumətinin Qəzza zolağında hərbi əməliyyatları genişləndirmə planlarına etiraz məqsədilə aksiya keçirilib. Aksiyada yüzlərlə insan iştirak edib və tədbir insidentsiz başa çatıb.
Ukraynada Prezident Volodimir Zelenskinin imzaladığı və Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosu (NABU) ilə Xüsusi Korrupsiya Prokurorluğunun (SAP) müstəqilliyini faktiki olaraq aradan qaldıran qanun səbəbilə etiraz aksiyaları yenidən başlayıb.