#Audit və mühasibatlıq sahəsində Bakı–Ankara əməkdaşlığı genişlənir

Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Türkiyə Respublikasında müstəqil auditin dövlət tənzimlənməsini həyata keçirən İctimai Nəzarət, Mühasibat və Audit Standartları Təşkilatı arasında işgüzar görüş keçirilib. Görüşün əsas məqsədi audit və mühasibatlıq sahəsində institusional tərəfdaşlıq mexanizmlərinin yaradılması, auditin tənzimlənməsi və keyfiyyətinin yüksəldilməsi, maliyyə hesabatlarında şəffaflıq və etibarlılığın artırılması istiqamətində əməkdaşlıq imkanlarının müzakirəsi olub. Tərəflər auditorların birgə sertifikasiyası, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə, habelə haqsız rəqabətə qarşı mübarizə sahələrində birgə fəaliyyət perspektivlərini də nəzərdən keçiriblər.