Türkiyənin aparıcı müdafiə sənayesi şirkətlərindən olan ROKETSAN milli raket və strateji silah sistemləri sahəsində yeni mərhələyə daxil olur. ROKETSAN-ın baş direktoru Murat İkinci bildirib ki, uzun illər ərzində həyata keçirilən iri həcmli investisiyalar 2026-cı ildən etibarən real nəticələr verməyə başlayacaq, istehsal gücləri kəskin şəkildə artırılacaq və bir sıra strateji layihələrdə mühüm mərhələlər geridə qoyulacaq. Murat İkinci vurğulayıb ki, 2025-ci il ROKETSAN üçün rekord göstəricilərlə yadda qalıb. Şirkətin dollar ifadəsində dövriyyəsi 50 faiz artaraq 2 milyard ABŞ dollarını ötüb, ixrac həcmi isə eyni artım tempi ilə 750 milyon dollara yaxınlaşıb. Onun sözlərinə görə, 2025-ci il bir çox layihələrin seriya istehsalına keçdiyi, 200-dən çox məhsul üzrə elmi-tədqiqat və inkişaf işlərinin aparıldığı il olub.