#Danimarkada Qrenlandiyaya dəstək aksiyaları keçirildi

ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı nəzarət iddiaları Avropada ciddi ictimai etirazlara səbəb olub. Danimarkanın paytaxtı Kopenhagendə minlərlə insan küçələrə çıxaraq Qrenlandiyaya dəstək nümayiş etdirib və ABŞ Prezidenti Donald Trampın adanın ABŞ nəzarətinə keçirilməsi ilə bağlı təhdidlərini rədd etdiklərini bəyan ediblər. Etirazçılar Danimarka və Qrenlandiya bayraqları ilə şəhər meriyasının qarşısında toplaşaraq “Kalaallit Nunaat” – Qrenlandiyanın qrenland dilindəki adını səsləndiriblər.