#Modernləşdirilmiş M113

Türkiyənin Maşın və Kimya Sənayesi (MKE) tərəfindən hazırlanan və istehsal edilən tam elektrikli zirehli personal daşıyıcısı E-ZPT-nin bütün kalifikasiya testləri tamamlanıb. M113 seriyalı zirehli vasitələrin modernləşdirilməsi ilə ərsəyə gələn E-ZPT 376 gün davam edən aramsız sınaqlardan sonra istifadəyə tam hazır vəziyyətə gətirilib. Layihə rəhbəri Halil Çelik bildirib ki, vasitə 3 min kilometrlik dözümlülük yürüşü, 60 dərəcəlik dik eniş-yoxuş və mənfi 32-dən müsbət 49 dərəcəyədək temperatur sınaqlarını uğurla başa vurub. Yeni nəsil texnologiyalarla təchiz edilən E-ZPT 0-dan 50 kilometr/saat sürəti cəmi 8 saniyəyə yığmaq qabiliyyətinə malikdir.