#Türkiyə xəbərləri

Türkiyənin Manisa vilayətinin Salihli rayonunda oksigen balonlarının doldurulduğu məntəqədə partlayış baş verib. Hadisə nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb. Partlayış sənaye zonasında yerləşən “Kavas Oksigen Doldurma” məntəqəsində yerli vaxtla saat 08:27-də baş verib. Hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.

İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan “futbolda mərc və oyun alveri ” istintaqı çərçivəsində, aralarında 14 futbolçu və keçmiş “Qalatasaray” İdman Klubunun rəhbərlərindən Erden Timurun da olduğu 29 şübhəli barəsində saxlanılma qərarı verilib. İstintaq çərçivəsində MASAK və qanuni mərc saytlarından əldə olunan məlumatlar araşdırılıb. Araşdırmalar zamanı bəzi futbolçuların özlərinin meydana çıxacaqları qarşılaşmalara “rəqib komanda qalib gələr” məzmununda mərc etdikləri müəyyən edilib.

İstanbul Baş Prokurorluğu elektron pul və ödəniş platforması VEPARA haqqında “cinayət yolu ilə əldə edilmiş əmlak dəyərlərinin yuyulması” maddəsi üzrə istintaqa başlayıb. 6 vilayətdə keçirilən əməliyyat çərçivəsində 31 şübhəli barəsində saxlanılma qərarı verilib. Papara, Payfix, IQ Money və PAYCO əməliyyatlarından sonra elektron ödəniş şirkətlərinə yönəlik çirkli pul araşdırmaları davam edir. İstanbul Respublika Baş Prokurorluğunun Terrorçuluğun Maliyyələşdirilməsinin Qarşısının Alınması və Pul Yuyulması Cinayətləri üzrə İstintaq Bürosu, VEPARA Elektron Pul və Ödəniş Xidmətləri Sistemi şirkəti barədə “əmlak dəyərlərinin yuyulması” cinayətləri üzrə istintaq başladıb.