#İsrail Hizbullah eskalasiyası

İsrail ordusu Hizbullahın iqtisadi sütunu hesab edilən "Al-Qard Al-Hasan" assosiasiyasına qarşı genişmiqyaslı və sistematik hərbi kampaniyaya başlayıb. Bu addım qruplaşmanın maliyyə infrastrukturunu çökdürmək və gəlir mənbələrini tamamilə kəsmək məqsədi daşıyır. 2024-cü il müharibəsində hədəf alınan, lakin sonradan fəaliyyətini bərpa edən bu qurum, hazırkı münaqişədə yenidən əsas hədəfə çevrilib. İsrail aviasiyası Beyrut, Beka vadisi və Livanın cənubundakı əksər filiallara intensiv hava zərbələri endirib. İsrail ordusunun sözçüsü Aviçay Adrae bildirib ki, Hizbullah mülki binaların altındakı gizli anbarlarda terror fəaliyyətlərini maliyyələşdirmək üçün milyonlarla dollar nağd vəsait saxlayır.

İsrailin Livan hökumətinə Hizbullahın silahsızlaşdırılması üçün verdiyi möhlətin başa çatmasına az qalsa da, qiymətləndirmələrə görə, İsrail ordusu ABŞ-dan açıq razılıq almadan İrana bağlı bu qruplaşmaya qarşı genişmiqyaslı hərbi əməliyyata başlamağa risk etməyəcək. Xatırladaq ki, İsrailin müdafiə naziri İsrael Kats ötən ilin noyabrında Hizbullaha silahlarını ilin sonuna qədər təhvil vermək üçün möhlət qoymuş, əks halda İsrail ordusunun Livanda ona qarşı geniş hərbi əməliyyat həyata keçirəcəyini bildirmişdi.