Livanın yeni seçilmiş prezidenti Cozef Aun bu gün, cümə axşamı – 9 yanvar 2025-ci ildə hərbi formasını çıxararaq qara rəsmi kostyumda Nümayəndələr Palatasına daxil olub. O, parlamentin sədri Nəbih Berri ilə görüşərək əl sıxıb və Konstitusiya üzrə and içib. Mərasim zalda toplaşan deputatların gurultulu alqışları ilə müşayiət olunub. Cozef Aun 1964-cü il yanvarın 10-da Livanın Matn bölgəsində anadan olub. O, ali təhsilini siyasi elmlər və hərbi elmlər sahəsində alıb, beynəlxalq münasibətlər üzrə ixtisaslaşıb. Fransız və ingilis dillərini mükəmməl bilir.