#özünüməşğulluq proqramı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi”nin bu il ikinci mərhələsinə (2026 – 2029-cu illər) başlanacaq. “Məşğulluğa Dəstək Layihəsi”nin 2020-2025-ci illəri əhatə edən ilkin mərhələsində 22 min işsiz şəxsin özünüməşğulluq fəaliyyətinə cəlb edilməsi nəzərdə tutulsa da, layihənin uğurlu icrası nəticəsində ümumilikdə 26,7 min nəfər bu layihəyə cəlb edilib. Növbəti mərhələdə daha 30 min nəfərin kiçik bizneslərin qurmasına dəstək göstərilməsi nəzərdə tutulur.

107 il əvvəl, 1918-ci ilin 26 dekabrında Poçt, Teleqraf və Əmək Nazirliyi kimi fəaliyyətə başlayan Nazirlik həmin dövrdə işçilərin əmək haqlarının, müavinətlərin ödənilməsi, əmək münasibətlərinin rəsmiləşdirilməsi və s. sahələrdə bir sıra tədbirlər həyata keçirib. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək, məşğulluq, sosial müdafiə, sosial sığorta, demoqrafiya, tibbi-sosial ekspertiza və reabilitasiya, övladlığagötürmə, himayədar ailə sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan özünüməşğulluq proqramı çərçivəsində işsiz və işaxtaran şəxslərə istehsal və xidmət sahələrində kiçik biznes fəaliyyətinə başlamaq üçün 28 istiqamət üzrə zərflər təqdim edilir.

Cari ildə əlilliyi olan 1261 şəxs üçün isə özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatları yaradılıb. Əlilliyi olan şəxslərin sosial müdafiəsi, reabilitasiyası və cəmiyyətə inteqrasiyası tədbirləri ilə yanaşı, onların əmək bazarına çıxışının dəstəklənməsi, məşğulluğunun təminatı istiqamətində də mühüm işlər aparılır.