#Fələstin Azadlıq Təşkilatı (FAT)

Fələstin Prezidenti Mahmud Abbas cümə axşamı Ramallahda keçirilən Fəth Hərəkatının VIII Konfransının açılışında bildirib ki, Fələstin dövlətçiliyi məsələsi həll olunduqdan sonra regiondakı digər problemlər də öz həllini tapacaq. Abbas, Fələstin siyasi qrupları arasında birliyin vacibliyini vurğulayaraq, Fələstin Azadlıq Təşkilatının (FAT) yeganə legitim nümayəndə olduğunu qeyd edib.

İsrail ordusu və Fələstin torpaqlarını zəbt edən israillilər noyabr ayında işğal altındakı İordan çayının Qərb Sahilində 2 min 144 hücum həyata keçirib. Fələstin Azadlıq Təşkilatına (FAT) bağlı Ayrım Divarı və Yəhudi Məskunlaşma Birləşmələri ilə Mübarizə Şurası İsrailin pozuntuları və kolonial genişlənmə fəaliyyətlərinə dair noyabr ayı hesabatını yayımlayıb. Şuranın hesabatında qeyd olunub ki, noyabr ayında Qərb Sahilində İsrail ordusu 1523, Fələstin torpaqlarını zəbt edən israillilər isə 621 hücum həyata keçirib. Bildirilib ki, bu hücumlar İsrailin Fələstin xalqına, torpaqlarına və əmlakına qarşı davam edən zorakılıq fəaliyyətlərinin davamıdır.

Misirin paytaxtı Qahirədə “HƏMAS” və “Fəth” nümayəndə heyətləri arasında görüş keçirilib. Görüşdə atəşkəs sazişinin ikinci mərhələsi və Qəzza zolağının gələcək idarəçiliyi ilə bağlı məsələlər müzakirə olunub. Misir kəşfiyyatının vasitəçiliyi ilə keçirilən danışıqlar “müsbət atmosferdə” keçib. Xüsusilə Qəzzanın idarəçiliyi və hakimiyyətin ötürülməsi məsələlərində tərəflərin mövqelərinin yaxınlaşdığı bildirilir.