#HƏMAS İsrail danışıqları

Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində HƏMAS-ın yüksək rütbəli polis zabiti silahlı hücum nəticəsində öldürülüb. HƏMAS-a bağlı Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, naməlum şəxslər hərəkətdə olan avtomobildən atəş açaraq Xan Yunis cinayət axtarış şöbəsinin rəisi Mahmud əl-Astalı qətlə yetiriblər. HƏMAS rəhbərliyi bu hücumda "İsrail əməkdaşlarını" ittiham edib. Hücumun məsuliyyətini Xan Yunisin şərqində, İsrailin nəzarəti altındakı bölgədə fəaliyyət göstərən anti-HƏMAS qruplaşmasının lideri Hüsam əl-Astal öz üzərinə götürüb. O, sosial şəbəkə hesabında paylaşdığı videoda HƏMAS ilə əməkdaşlıq edənləri hədələyərək hücumların davam edəcəyini bildirib. İsrail hərbi rəsmiləri isə ərazidə hər hansı əməliyyatdan xəbərsiz olduqlarını bəyan ediblər.

İsrailin nəqliyyat və rabitə naziri Miri Reqev, HƏMAS-ın Qəzzadakı keçmiş lideri Yəhya Sinvarın cəsədinin yandırılmasını təklif edib. Nazir bu fikri hökumətin təhlükəsizlik kabinetinin son iclasında səsləndirərək bildirib ki, “bəzən elə simvollar olur ki, onların geri qaytarılması yolverilməzdir.” Reqev iclasda ABŞ-ın 2011-ci ildə “Əl-Qaidə” lideri Üsama bin Ladeni öldürüb cəsədini dənizə atmasına istinad edərək deyib: “Mən təklif etdim ki, biz də Sinvara, Bin Ladenlə amerikalıların etdiyini edək.”

AzerVoice xəbər verir ki, Misirin Şarm əş-Şeyx şəhərində keçirilən və İsraillə Fələstin HƏMAS hərəkatı arasında müharibənin dayandırılmasını hədəfləyən ilk danışıqlar mərhələsi bazar ertəsi axşamı başa çatıb. Misir kəşfiyyatına yaxın “Al-Qahira News” telekanalının məlumatına görə, “HƏMAS və vasitəçilər arasında keçirilən ilkin müzakirələr müsbət atmosferdə yekunlaşıb” və görüşlər çərşənbə axşamı da davam edəcək.