#XI Bakı Beynəlxalq Kitab Sərgisi

Bakı Expo Mərkəzi, XI Beynəlxalq Bakı Kitab Sərgisi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən buraxılmış Elçin Əhmədovun “ Şuşa – Tarixi-Mədəni İrs” kitabının təqdimat mərasimi keçirilib. Təqdimatın açılışında çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova kitabın nəşrini mühüm mədəni hadisə kimi qiymətləndirərək qeyd edib ki, Şuşa şəhəri yalnız Azərbaycan xalqı üçün deyil, bütün Türk dünyası üçün müqəddəs bir məkandır. O bildirib ki, Fond tərəfindən həyata keçirilən bu nəşr layihəsi qədim Şuşanın zəngin tarixi, mədəni irsi və dünya sivilizasiyasındakı rolunun beynəlxalq səviyyədə tanıdılmasına xidmət edir.

Oktyabrın 1-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində XI Bakı Beynəlxalq Kitab Sərgisinin açılışı keçirilib. Tədbirdə hökumət rəsmiləri, Milli Məclisin deputatları, ədəbiyyat, elm və mədəniyyət xadimləri və xarici qonaqlar iştirak ediblər. Açılış mərasimində çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu bildirib ki, Bakı Beynəlxalq Kitab Sərgisi Azərbaycanın mədəni potensialını, nəşriyyat işinin inkişafını və dünya ədəbiyyatı ilə əlaqələrini nümayiş etdirmək baxımından böyük əhəmiyyət daşıyır. O bu cür layihələrin gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib.