#Türkiyə Azərbaycan qardaşlığı

Türk millətinin taleyini əks etdirən tarix kitabı açıldıqda, ən parlaq səhifələrdən biri şübhəsiz ki, Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlığa həsr olunub. Bu bağ yalnız coğrafi yaxınlıqla deyil, ortaq dil, mədəniyyət, ədəbiyyat və tarixi yaddaşla formalaşmış sarsılmaz bir qardaşlıqdır. Hər iki xalq Oğuzun ocağında doğulmuş, eyni dastanlarla böyümüş, eyni türkülərlə sevinmiş, eyni acılara şərik olmuşdur. Türkiyə ilə Azərbaycan arasındakı bu qardaşlıq tarix, mədəniyyət və ortaq tale üzərində inşa olunmuşdur. Son dövrlərdə Türkiyədə bəzi media orqanlarında yayımlanan saxta xəbərlər, bu münasibətlərə xələl gətirmək və iki ölkə arasında şübhə toxumu səpmək məqsədi güdən şüurlu və məqsədli cəhdlər ola bilər. Sosial media və bəzi media platformaları üzərindən sürətlə yayılan bu xəbərlər tamamilə yalan və iftiradır, və iki xalqın arasına nifaq salmaq məqsədi daşıyır. Bu cür yalanlar Türk millətinin əsl duyğularını və düşüncələrini əsla əks etdirmir.

20-ci əsrin ilk rübündə dünya tarixində baş verən ən mühüm hadisələrdən biri Birinci Dünya Müharibəsi, Çar Rusiyasının dağılaraq yerində SSRİ-nin qurulması, Osmanlı imperiyasının varisi olan Türkiyə Respublikasının Ulu Öndər Mustafa Kamal Atatürkün başkomandanlığında, yeddi dövlətlə mübarizə apararaq, xalq olaraq verdiyi istiqlal savaşı nəticəsində dünya dövlətləri arasında özünəməxsus mövqeyini qazanması olmuşdur. 1918-ci ildə Qırmızı Kommunist Rusiyası, imperialist İngiltərə dövləti və onlara alət olan erməni dəstələri qədim Türk yurdu olan Can Azərbaycanın bölüşdürülməsi məqsədilə işğala başlamış, Qafqazda, Cənubi Azərbaycanda və Anadolunun şərqində türklərə və müsəlmanlara qarşı dünyanın gözü qarşısında insanlığa qarşı cinayətlər törədirdilər.