#Avropada istilik ölümləri

Avropada aparılan tədqiqatda müəyyən edilib ki, iqlim dəyişiklikləri bu yay şəhərlərdə isti hava şəraitini gücləndirib və istiliklə əlaqədar ölüm sayı 16 min 500 nəfərə çatıb. İngiltərənin Imperial College London və London School of Hygiene & Tropical Medicine mütəxəssislərinin iqlim modelləşdirmə üsulu ilə apardıqları tədqiqatda iyun-avqust ayları arasında Avropanın 854 şəhərində ölüm hallarına baxılıb. Tədqiqatda vurğulanıb ki, insan fəaliyyəti nəticəsində yaranan iqlim dəyişiklikləri səbəbindən isti dalğaları daha şiddətli və tez-tez baş verir. İstilik Avropanın araşdırılan şəhərlərində orta hesabla 2,2 dərəcə artıb, bəzi yerlərdə isə bu artım 3,6 dərəcəyə çatıb.

Bu il dünya üzrə isti hava dalğaları bir çox ölkədə rekordları alt-üst etdi. İyunun əvvəlində milyonlarla amerikalı 40 dərəcəni keçən istilərdə qovrularkən, iyulun əvvəlində Avropa "ilin bu dövrü üçün qeyri-adi" olaraq qiymətləndirilən isti hava dalğasının təsiri altına düşdü. Bəs isti hava dalğaları niyə daha da pisləşir?