Vaşinqton Beyrutla əməkdaşlıq çərçivəsində təhlükəsizlik qüvvələrinə dəstək proqramını genişləndirir. ABŞ administrasiyası Livanın təhlükəsizlik qüvvələrinə 230 milyon dollar dəyərində yardım ayırıb. Bu qərar “Hizbullah” qrupunun silahsızlaşdırılması səyləri çərçivəsində qəbul edilib. Məlumata görə, ayrılan vəsaitin 190 milyon dolları Livan ordusuna, 40 milyon dolları isə Daxili Təhlükəsizlik Qüvvələrinə yönəldiləcək. Yardım ABŞ-da maliyyə ilinin başa çatmasına bir neçə gün qalmış- 30 sentyabr tarixindən əvvəl təsdiqlənib.
#ABŞ və Livan münasibətləri
ABŞ Müdafiə Nazirliyi, Livan Ordusunun Hizbullahı silahsızlaşdırma səylərini dəstəkləmək məqsədilə 14,2 milyon dollarlıq təhlükəsizlik yardım paketini təsdiqlədiyini açıqlayıb. Pentaqonun bəyanatında bildirilib ki, yardım paketi Livan Ordusunun imkanlarını artırmağı, həmçinin Hizbullahın silah anbarları və paylama şəbəkələrinə nəzarəti gücləndirməyi hədəfləyir. Bundan başqa, bu dəstəyin Livanın suverenliyini möhkəmləndirməyə və bölgədə sabitliyin təmin edilməsinə töhfə verəcəyi vurğulanıb.
Livandakı siyasi və təhlükəsizlik böhranı fonunda "Livan Qüvvələri" Partiyasının sədri Samir Caca Hizbullahın silahlı varlığının Livan üçün artıq təhlükə mənbəyi olduğunu və İsraili qorxutmaq əvəzinə ölkəyə yalnız dağıntı və ziyan gətirdiyini deyib.