Avropada aparılan tədqiqatda müəyyən edilib ki, iqlim dəyişiklikləri bu yay şəhərlərdə isti hava şəraitini gücləndirib və istiliklə əlaqədar ölüm sayı 16 min 500 nəfərə çatıb. İngiltərənin Imperial College London və London School of Hygiene & Tropical Medicine mütəxəssislərinin iqlim modelləşdirmə üsulu ilə apardıqları tədqiqatda iyun-avqust ayları arasında Avropanın 854 şəhərində ölüm hallarına baxılıb. Tədqiqatda vurğulanıb ki, insan fəaliyyəti nəticəsində yaranan iqlim dəyişiklikləri səbəbindən isti dalğaları daha şiddətli və tez-tez baş verir. İstilik Avropanın araşdırılan şəhərlərində orta hesabla 2,2 dərəcə artıb, bəzi yerlərdə isə bu artım 3,6 dərəcəyə çatıb.