İraq Elektrik Nazirliyi İranın İraqa ötürdüyü təbii qaz axınını tamamilə dayandırdığını açıqlayıb. İraqın rəsmi xəbər agentliyi INA-nın Elektrik Nazirliyinə istinadla yaydığı məlumata görə, İrandan gələn təbii qaz tədarükü tam kəsilib. Bu səbəbdən İraqın elektrik sistemində 4 min–4 min 500 meqavat həcmində itki yarandığı bildirilib. Açıqlamada qeyd olunub ki, Elektrik Nazirliyi Neft Nazirliyi ilə koordinasiya şəraitində yerli alternativ yanacaq mənbələrinə müraciət edərək elektrik stansiyalarının fəaliyyətinin davamlılığını təmin edir. Hazırda istehsalın nəzarət altında olduğu vurğulanıb.