#İsrail və Qəzza münaqişəsi

İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrinə həyata keçirdiyi hava və artilleriya hücumları nəticəsində azı 9 fələstinli həyatını itirib, onlarla insan yaralanıb. Hücumlar həm mülki yaşayış evlərini, həm də yerindən edilmiş insanların sığındığı çadırları və yardım növbəsində gözləyən insan qruplarını hədəf alıb.

İsrail ordusu Qəzza zolağının şimalında yerləşən Qəzza şəhərində son 72 saat ərzində hər biri ən azı 7 mərtəbədən ibarət olan və ümumilikdə 209 mənzili əhatə edən 5 çoxmərtəbəli binanı bombalayıb. Bu barədə Qəzzadakı Mülki Müdafiə İdarəsi yazılı açıqlama yayıb. Bildirilib ki, mövcud humanitar böhran şəraitində hər bir mənzildə orta hesabla 20 nəfər yaşayırdı. Bu da ən azı 4 min 100 qadın, uşaq və yaşlının evsiz qaldığı deməkdir. Açıqlamada əlavə olunur ki, yerindən edilən insanlar üçün qurulmuş və hər biri 10 nəfərlik olan 350 çadır da İsrail hücumları nəticəsində dağıdılıb. Nəticədə təxminən 3 min 500 nəfər daha sığınacaqdan məhrum olub.

İsrail ordusu bu gün, çərşənbə axşamı Qəzza şəhərində yaşayan bütün sakinlərə və şəhərin bütün məhəllələrində olanlara təxliyə əmri verib. Ordunun bəyanatında sakinlərin Rəşid dəhlizi vasitəsilə Mavasi bölgəsində yerləşən “humanitar zona”ya getmələri tələb olunur. İsrail ordusunun sözçüsü Aviçay Adrai sosial şəbəkə “X” üzərindən yaydığı açıqlamada bildirib. “Qəzza şəhərinin bütün sakinlərinə təcili çağırış: qədim şəhərdən Tut əl-Tuffah bölgəsinə qədər şərqdən qərbdəki dənizə qədər — ordu Həmas-ı tamamilə məhv etməkdə qərarlıdır və şəhərdə güclü əməliyyat aparacaq. Öz təhlükəsizliyiniz üçün dərhal Rəşid dəhlizindən Mavasi bölgəsinə gedin. Burada qalmaq olduqca təhlükəlidir.”-deyə o qeyd edib.

İsrailin müdafiə naziri İsrael Katz, ordunun Qəzza şəhərinə qarşı hücumları genişləndirməyə hazırlandığını bildirərək, bu gün bölgədə “şiddətli hücumlar” həyata keçiriləcəyini bəyan edib. Katz, ABŞ mərkəzli X sosial media platformasında yazdığı paylaşımda, Qəzzadakı çoxmərtəbəli binaların və digər tikililərin hədəfə alınacağını açıqlayıb.

7 oktyabr 2023-cü ildən bəri İsrailin Qəzza zolağına davam edən hücumlarında həyatını itirənlərin sayı 64 min 368-ə çatdı. Qəzzadakı Səhiyyə Nazirliyinin yaydığı yazılı açıqlamada, İsrailin davam edən hücumlarında son 24 saatda baş verən can itkiləri və yaralanmalara dair məlumatlar paylaşılıb. Bildirilib ki, son bir sutka ərzində Qəzza zolağındakı xəstəxanalara 68 meyit və 362 yaralı gətirilib. İsrail ordusunun 19 yanvar tarixində əldə edilən atəşkəsi pozaraq 18 martdan bu yana həyata keçirdiyi hücumlarda ümumilikdə 11 min 828 fələstinli həyatını itirib, 50 min 326 nəfər isə yaralanıb.

İsrail ordusunun sözçüsü, briqada generalı İvi Dibrin (Evy Dibrin) cümə axşamı açıqlamasında bildirib ki, ordunun hazırda Qəzza şəhərinin təxminən 40 faizinə nəzarət edir. O, yaxın günlərdə əməliyyatların daha da genişlənəcəyini və intensivləşəcəyini vurğulayıb. Məqsəd şəhərə tam nəzarəti ələ almaq və HƏMAS-ı hərbi cəhətdən zəiflətməkdir. Ötən həftə İsrail Qəzza şəhərini rəsmi olaraq “döyüş bölgəsi” elan edib. Şəhərin bəzi hissələri “qırmızı zona” kimi tanınıb və yerli əhalidən təxliyə olunmaları tələb edilib. İsrail mətbuatının yazdığına görə, 200 minə yaxın fələstinlinin evlərini tərk etməkdən imtina edəcəyi gözlənilir.

Fələstin Prezidenti Mahmud Abbas İsrailin məqsədinin “Fələstini tamamilə məhv etmək” olduğunu bildirib. Mahmud Abbas xatırladıb ki, Oslo sazişi fələstinlilərin vətənə dönüşünə imkan yaratdı və “heç bir güzəşt verilmədi”. Onun sözlərinə görə, Netanyahu sazişi dondurmaq istəsə də, bu, ikitərəfli müqavilədir və birtərəfli ləğv edilə bilməz.

İsrail mediasının yaydığı məlumatlara görə, Netanyahu Qəzzaya quru hücumlarına başlamazdan əvvəl HƏMAS ilə məhbus mübadiləsi razılaşmasına razılıq verməsi üçün təzyiq altında olduğunu bildirib. Yüksək səviyyəli rəsmilər Netanyahuya xəbərdarlıq edərək, əgər ordu Qəzzaya quru qoşunları ilə daxil olarsa, danışıqlar üçün heç bir imkanın qalmayacağını vurğulayıblar. Mənbələrə görə, Netanyahu əvvəllər təsdiq etdiyi planı indi rədd edir və bu, hətta onun yaxın ətrafında belə “təəccüblü inkişaf” kimi qiymətləndirilir. HƏMAS isə Misir və Qətərin atəşkəs və əsir mübadiləsi təklifini qəbul etsə də, İsrail hələ buna cavab verməyib. HƏMAS müharibənin dayandırılması, İsrail ordusunun Qəzzadan çıxarılması və fələstinli məhbusların azad edilməsi müqabilində israilli məhbusları sərbəst buraxmağa hazır olduğunu dəfələrlə bəyan edib.

İsrail ordusunun gün ərzində Qəzza zolağının çoxsaylı bölgələrində mülki əhalini hədəf alan hücumları nəticəsində bu gün 58 fələstinli həyatını itirib. AzerVoice xəbər verir ki, xəstəxana mənbələri və şahidlərin bildirdiyinə görə, İsrailin Qəzza şəhərinə planlı işğalının bir hissəsi olaraq Qəzza zolağının şimal, mərkəzi və cənub hissələrində çoxsaylı bölgələrdə evlərə, mülki insanların toplaşdığı yerlərə və yardım istəyən insanlara hücumlar həyata keçirilib.