#Sudanda xolera epidemiyası

Sudanda artıq üçüncü ildir ki, qanlı vətəndaş müharibəsi davam edir. Döyüşlər nəticəsində 20 mindən çox insan həlak olub, təxminən 15 milyon nəfər isə məcburi köçkünə çevrilib. 900 gün davam edən müharibə təhsili, səhiyyəni və digər əsas xidmətləri demək olar ki, tamamilə dağıdıb - çoxlu sayda xəstəxana, məktəb və ictimai müəssisələr bombalanıb. Sudan ordusu ilə “Sürətli Dəstək Qüvvələri” (RSF) arasında 2023-cü ilin aprelindən bəri davam edən qarşıdurmalar xüsusilə son həftələrdə Kordofan bölgəsində daha da şiddətlənib.

Cənubi Sudanda humanitar fəlakət getdikcə dərinləşir. Milyonlarla uşaq və qadın aclıq səbəbilə ölümlə üz-üzədir. BMT-nin dəstəklədiyi hesabat və beynəlxalq təşkilatların məlumatlarına görə, böhranın əsas səbəbləri ölkədəki korrupsiya, beynəlxalq yardımların azalması və şiddətin artmasıdır. Bor şəhərindəki xəstəxanada cəmi 14 aylıq uşaq – Adot Dyor – ciddi arıqlamış vəziyyətdə anasının qucağında müalicə gözləyir. Onun anası kimi 1,1 milyon hamilə və süd verən qadın qidalanma çatışmazlığı yaşayır. Hesabatda qeyd olunur ki, 5 yaşınadək 2,3 milyon uşaq müalicəyə ehtiyac duyur, onlardan 700 mindən çoxu həyati risk daşıyan ağır qida çatışmazlığından əziyyət çəkir.

Sudan Səhiyyə Nazirliyi son bir həftədə ölkədə 2 min 627 yeni vəba hadisəsinin qeydə alındığını, bu müddətdə 50 nəfərin həyatını itirdiyini açıqlayıb. Məlumata görə, 2024-cü ilin avqustundan bəri ölkədə ümumilikdə 99 min 756 nəfər vəbaya yoluxub, ölənlərin sayı isə 2 min 475-ə çatıb. Uzun sürən yağışlar və daşqınlar xəstəliyin yayılmasını sürətləndirib. Sudan hakimiyyəti 12 avqust 2024-cü ildə vəbanı pandemiya elan edib.