Rəsmi Xronika

Dövlətimizin başçısı qeyd edib: “Mənə məruzə ediblər ki, 500 milyon dollardan təxminən 160 milyonu artıq müəyyənləşdirilib. Təbii ki, düşünürəm, biz bu vəsaiti tezliklə istifadə edəcəyik və əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirəcəyik. Həmçinin deməliyəm ki, Azərbaycanın müxtəlif ölkələrlə bu cür əməkdaşlıq formatları var. Amma mən deyərdim ki, ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur”.

Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub. Layihə ölkə iqtisadiyyatını, investisiya siyasətini, nəqliyyat sistemini, təhsili, ekologiyanı və rəqəmsal texnologiyaları vahid məkanda birləşdirən yeni şəhərsalma modelidir. Layihə tam yekunlaşdıqdan sonra 260 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Prezident İlham Əliyev Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclasında Zəngəzur dəhlizi barədə danışıb. Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlərin fəal şəkildə davam etdirildiyini bildirən dövlətimizin başçısı Azərbaycanın əsas hissəsində bu layihənin gələn il başa çatacağını vurğulayıb. Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında da müvafiq işlərə başlanıldığını diqqətə çatdırıb.