#Türkiyənin Suriya siyasəti

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran Ankarada keçirilən "Media perspektivindən münaqişə bölgələrində Türkiyənin sülh rolu" panelində mühüm bəyanatlarla çıxış edib. Duran Türkiyənin Suriya xalqının haqlı mübarizəsində hər zaman onların yanında olacağını və bölgədə sabitliyin bərpası üçün səylərini davam etdirəcəyini vurğulayıb.

MHP sədri Devlet Bahçeli partiyasının TBMM-dəki qrup toplantısında çıxış edərək Suriyadakı son hadisələr və daxili təhlükəsizlik məsələləri ilə bağlı mühüm bəyanatlar verib. Bahçeli Dəməşq və Ankara arasındakı təhlükəsizlik əlaqəsinin strateji əhəmiyyətini vurğulayaraq Suriya xalqının birliyinin Türkiyə üçün vacib olduğunu bildirib. MHP lideri Suriyada baş verən son siyasi və hərbi dəyişikliklərin həm bölgə ölkələri, həm də Türkiyə üçün son dərəcə əhəmiyyətli olduğunu qeyd edib. "Dəməşqin təhlükəsizliyi Ankaranın təhlükəsizliyidir. Suriya xalqının səadəti, rifahı və birliyi Türk milləti ilə birdir və eynidir" deyən Bahçeli regiondakı sabitliyin birbaşa Türkiyənin milli maraqlarına təsir etdiyini vurğulayıb.

Türkiyə Xarici işlər naziri Hakan Fidan bu gün Suriya Xarici İşlər naziri Əsəd Həsən əş-Şeybani ilə telefon danışığı aparıb. Danışıq zamanı Hələb şəhərində baş verən son hadisələr müzakirə edilib. Türkiyə XİN-in mənbələrindən verilən məlumata görə, Hakan Fidan Suriya Xarici İşlər naziri Əsəd Həsən əş-Şeybani ilə telefon əlaqəsi saxlayıb. Görüşdə Hələbdə yaşanan son hadisələr diqqət mərkəzində olub.

Suriya ordusu Hələb şəhərinin Eşrefiye, Şeyx Maksud və Beniy Zeyd məhəllələrində saat 13:30-dan etibarən SDG (Suriya Demokratik Qüvvələri) mövqelərinə qarşı dəqiq zərbə əməliyyatlarına başlayacağını açıqlayıb. Ordu mülki əhalini xəbərdar edərək, SDG-yə aid bütün mövqelərdən uzaq durmalarını xahiş edib. Heyətdən verilən açıqlamada, mülki əhalidən PKK/YPG mövqelərindən uzaq durmaları xahiş edilib. Eyni zamanda saat 13:30-dan etibarən həmin məhəllərdə PKK/YPG mövqelərinə qarşı dəqiq zərbə əməliyyatlarına başlanacağı bildirilib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Güler və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın rəsmi təmaslar üçün Suriyanın paytaxtı Dəməşqə səfər edib. Məlumata görə, Türkiyə nümayəndə heyəti Dəməşqdə Suriya Prezidenti Şara və digər yüksək vəzifəli suriyalı rəsmilərlə görüşlər keçirəcək. Səfər çərçivəsində Türkiyə–Suriya münasibətlərinin son bir il ərzindəki inkişafı siyasi, iqtisadi və təhlükəsizlik aspektləri ilə hərtərəfli şəkildə qiymətləndiriləcək.

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Suriyada yeni mərhələyə daxil olunub və Türkiyə bu prosesdə Suriya xalqının yanında olmağa davam edəcək. Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən keçirilən 16-cı Səfirlər Konfransında çıxış edən Hakan Fidan qeyd edib ki, son 15 ildə Suriya məsələsində Türkiyə tarixinin ən çətin sınaqlarından birini verib. Onun sözlərinə görə, bu proses ciddi siyasi və iqtisadi xərclər tələb etsə də, Ankara insanlıq prinsiplərindən geri çəkilməyib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan, Suriyanın bərpası və bölgədəki siyasi proseslərlə bağlı mühüm açıqlamalar verib. Onun sözlərinə görə, ölkənin tamamilə normallaşması, infrastrukturun yenilənməsi və əsas ehtiyacların qarşılanması üçün tələb olunan vəsait iki yüz on altı milyard dollar olaraq hesablanıb. SETA-da keçirilən “Suriya: Toparlanma və Yenidən İnşa” mövzusundakı tədbirdə çıxış edən Fidan, Suriyada uzun illər davam edən dağıntının miqyasının böyük olduğunu, rejimin müharibə dayandıqdan sonra ölkənin nə qədər çökdüyünü gördüyünü bildirib.

Suriya sərhədi boyunca uzanan Karkamış–Nusaybin Dəmiryolu Xətti ilə Mardin–Şenyurt arasındakı 350 kilometrlik hissədə aparılan təmir və yaxşılaşdırma işləri sürətlə davam etdirilir. Bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib. Nazirin sözlərinə görə, ümumi uzunluğu 350 kilometr olan xəttin 325 kilometri Karkamış–Nusaybin, 25 kilometri isə Mardin–Şenyurt istiqamətindən ibarətdir. O bildirib ki, bölgədə vəziyyətin normallaşması ilə sərhəd boyunca uzanan bu strateji xətt yenidən istifadəyə hazırlanır.

İllərlə davam edən zülmün, ağır itkilərin, böyük acıların ardından Suriyalı qardaşlarımızı azadlığa qovuşduran 8 Dekabr İnqilabının birinci ildönümünü ürəkdən təbrik edirəm. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan X sosial media hesabında paylaşım edib. Dövlət başçısı sosial media hesabında paylaşdığı açıqlamada, “İllərlə davam edən zülmün, ağır itkilərin, böyük acıların ardından Suriyalı qardaşlarımızı azadlığa qovuşduran 8 Dekabr İnqilabının birinci ildönümünü ürəkdən təbrik edirəm,” – deyib.

Türkiyə, Suriya Prezidenti Əhməd əş-Şəraaya və Daxili İşlər Naziri Enes Hattabı BMT Təhlükəsizlik Şurasının müvafiq sanksiya siyahısından çıxaran 2799 (2025) saylı qərarı məmnuniyyətlə qarşıladığını açıqlayıb. Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçəli yazılı açıqlamasında bildirib ki, bu qərar Suriya hakimiyyəti və xalqı üzərində qalmış mənfi təsirlərin aradan qaldırılmasına, sanksiyaların tam ləğvinə, Suriyanın beynəlxalq cəmiyyətə inteqrasiyasına, həmçinin ölkədə davamlı sabitlik və inkişafın təmin olunmasına imkan yaradır. Türkiyə bu və bənzər addımları dəstəkləməyə davam edəcək.