İsrail hərbi texnikasının Livanın cənubundakı Aita əl-Cəbəl kəndi istiqamətində irəlilədiyi bildirilib. Livanın Milli Xəbər Agentliyinin məlumatına görə, hərbi maşınlar Həddasə kəndindən hərəkət edib. İsrail qüvvələrinin kəndin şərq hissəsini pulemyot atəşinə tutduğu qeyd olunub. Daha sonra texnikanın geri çəkilərək yüksəklikdə mövqe tutduğu bildirilib. Hadisə Bint Cübeyl bölgəsində gərginliyin davam etdiyi vaxtda baş verib. Bölgədə atəşkəs olsa da, qarşılıqlı hərbi fəaliyyətlərin davam etdiyi qeyd olunur. Bint Cübeyl Livanın cənubunda strateji əhəmiyyət daşıyan sərhəd bölgələrindən biridir.