#İslamabad memorandumu

İran və Oman arasında Hörmüz boğazı üzrə aparılan danışıqlarda irəliləyiş əldə olunduğu bildirilir. Tehran təhlükəsiz gəmiçilik marşrutlarının yaradılmasını dəstəkləsə də, boğaz üzərində nəzarətin özündə qalmasını istəyir. İran bildirir ki, ABŞ-nin bölgədəki siyasəti dəyişmədiyi və dəniz blokadası aradan qaldırılmadığı halda boğaz açılmayacaq. Tərəflər arasında nüvə proqramı, təhlükəsizlik təminatları və dondurulmuş aktivlər kimi digər mübahisəli məsələlər də qalır. Analitiklər mümkün İran–Oman razılaşmasının ABŞ–İran danışıqlarının yenidən başlamasına zəmin yarada biləcəyini qeyd edirlər.

Pakistan ABŞ və İranı yenidən İslamabad Memorandumu çərçivəsində danışıqlara qaytarmağa çalışdığını bəyan edib. Xarici İşlər Nazirliyinin sözçüsü Tahir Andrabi tərəflərin öhdəliklərinə əməl etməsinin vacibliyini vurğulayıb. Pakistan texniki danışıqların bərpasına çağırış edir. ABŞ və İran qarşılıqlı hücumlardan sonra müvəqqəti razılaşmanın pozulduğunu açıqlamışdılar. Vaşinqton və Tehran Pakistanın yeni təşəbbüsünə hələlik münasibət bildirməyiblər.

İranın Pakistandakı səfiri ABŞ-ı İslamabad memorandumunu pozmaqda ittiham edib. Rza Əmiri Müqəddəm Vaşinqtonun sənədi birtərəfli şəkildə şərh etdiyini bildirib. Onun sözlərinə görə, ABŞ Hörmüz boğazının müəyyən hissələrinə nəzarəti ələ keçirib. İranlı diplomat bunu memorandumun açıq şəkildə pozulması kimi qiymətləndirib. O, ABŞ-ın yenidən hərbi əməliyyatlara başladığını iddia edib. Müqəddəm beynəlxalq ictimaiyyəti Vaşinqtonun addımlarını pisləməyə çağırıb. ABŞ bu ittihamlara hələlik rəsmi cavab verməyib. Məlumat müstəqil şəkildə təsdiqlənməyib.

İran İslamabad Anlaşma Memorandumu üzrə öhdəliklərinin icrasını dayandırdığını açıqlayıb. Qərarı xarici işlər nazirinin müavini Kazım Qəribabadi elan edib. O, ABŞ-ı memorandum çərçivəsindəki öhdəlikləri pozmaqda ittiham edib. İran rəsmisinin sözlərinə görə, ABŞ hücumları davam etdiyi üçün Tehran da sazişin icrasını dayandırıb. Qəribabadi İranın hazırda ölkənin müdafiəsi ilə məşğul olduğunu bildirib. Memorandumun nə vaxta qədər dayandırılacağı açıqlanmayıb. Sənədin yenidən icrasına başlanılması üçün tələb olunan şərtlər də məlum deyil. ABŞ tərəfi İranın qərarına hələlik münasibət bildirməyib.