#737 MAX

ABŞ Federal Mülki Aviasiya İdarəsi Boeing şirkətinə 737 MAX və 787 təyyarələri üzrə uçuşa yararlılıq sertifikatlarını yenidən vermək səlahiyyəti tanıyıb. Qərarın gələn həftədən qüvvəyə minəcəyi bildirilib. Qurum bunu uzunmüddətli təhlükəsizlik və keyfiyyət yoxlamalarının müsbət nəticələri ilə əsaslandırıb. Boeing bundan sonra sertifikatları Federal Mülki Aviasiya İdarəsinin nəzarəti altında rəsmiləşdirəcək. Bu addım şirkətin istehsal gücünü artırmasına imkan yarada bilər. Boeing 2019-cu ildə 737 MAX qəzalarından sonra bu səlahiyyətdən məhrum edilmişdi. Daha sonra 2022-ci ildə 787 proqramında istehsal qüsurlarına görə eyni qərar qəbul olunmuşdu. Yeni qərar Boeing-in fəaliyyətinə inamın bərpa olunması istiqamətində mühüm addım kimi qiymətləndirilir.