Fransa BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında İranın son günlərdə region ölkələrinə və Hörmüz boğazındakı gəmilərə qarşı hücumlarını pisləyib. Fransanın BMT-dəki nümayəndəsi Jerom Bonnafon bildirib ki, Qətər və Pakistanın vasitəçilik səylərinə baxmayaraq, İran ABŞ-İran memorandumunun müddəalarını pozub. O, Bəhreyn, Qətər və İordaniyaya qarşı hücumları qəbuledilməz adlandıraraq, Tehranı zorakılığı dayandırmağa çağırıb. Fransa həmçinin ABŞ-İran memorandumunun icrasının sürətləndirilməsini və Hörmüz boğazında sərbəst gəmiçiliyin bərpasını tələb edib. Paris hesab edir ki, boğazın açıq saxlanılması beynəlxalq dəniz hüququ və qlobal enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Təhlükəsizlik Şurasının iclası Rusiya və Çinin etirazlarına baxmayaraq prosedur səsvermə ilə təsdiqlənib. Səsvermədə 11 ölkə iclasın keçirilməsini dəstəkləyib, 2 ölkə qarşı çıxıb, 2 ölkə isə bitərəf mövqe tutub.